
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə ölkəmiz inkişaf edərək, sürətlə böyüyən iqtisadi resurslarla zənginləşir. Cənab Prezident sənaye sektorunun inkişafına xüsusi diqqət ayırır, paytaxtla yanaşı, regionlarda da müasir sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Azərbaycan regionda böyük investisiya layihələrini həyata keçirən ölkələr sırasındadır. Bu cür geniş miqyaslı layihələrin bir parçası olmaq Qazax Sement Zavodu üçün qürurvericidir. 2013-cü ildən tam fəaliyyət göstərən Qazax sement zavodu 2014-cü ildən klinker istehsalı xətlərini istifadəyə verərək, Respublikamızda sənayenin inkişafında müstəsna yeri tutduğunu bir daha sübut etmişdir. Qeyd edək ki, Zavod günü gündən inkişafdadır. Zavod ərazisinin abadlaşdırılması, gül-çiçəklə əhatələnməsi, bahar təravəti saçması rəhbərliyin zavoda göstərdiyi diqqət və qayğının əyani göstəricisidir. Dünya standartlarına cavab verən Qazax sement zavodunda, işçilərin komfortu üçün hər bir şərait yaradılıb. İşçi personalının iş və yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət yataqxana, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina,əməkdaşların fasilə zamanı istirahət etməsi üçün zavod ərazisində xüsusi infrastruktur obyektləri inşa edilib. İşçi hüquqlarının qorunması da bu diqqət və qayğının tərkib hissəsinə daxildir. Zavodun dörd bir yanının yaşıllaşdırılması, zavod həyətinin böyük park kompleksinə uyğun dizayn edilməsi həm işçi personalın həm də çoxşaxəli qonaqların könlünü oxşamaqdadır. Qazax sement zavodunun fəaliyyət prioriteti Ölkəmizin adını istər sənaye, istər infrastruktur baxımından hər zaman ön sıralarda təmsil və təbliğ etməkdir.