“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Qazax Sement Zavodu” MMC-nin investisiya layihəsinin ikinci mərhələsi uğurla tamamlanıb. 2014-cü il avqustun 21-də klinker istehsalına start verilib. Zavod carı ilin sentyabr ayının ortalarına qədər 70% və oktyabr ayına 100 % həcmdə olmaqla günlük 2500 ton klinker və ya illik 1 milyon ton sement istehsalı gücünə çatacaq.

Xatırladaq ki, investisiya layihəsinin birinci mərhələsi 2013-cü ilin iyul ayında başa çatmışdır. Açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştrakı ilə həyata keçirilmişdir. “Qazax Sement Zavodu” Azərbaycanda, xüsusilə Qərb regionunda reallaşmış ən böyük investisiya layihələrindən biridir. Texniki-iqtisadi əsaslandırılması “Deloitte and Touche” şirkəti tərəfindən hazırlanmış zavodun inşasına yatırılmış investisiyanın ümumi məbləği 225.0 milyon manat təşkil edir.Zavodun layihələndirilməsi və inşası işlərini zəngin beynəlxalq təcrübəyə malik “SİNOMA”, proqram təminatını isə “SİEMENS” şirkətləri həyata keçirmişlər. Zavodda 595 nəfər işə cəlb edilib ki, onun da əsas hissəsini regionun yerli əhalisindən olan insanlar təşkil edir. Zavodda çalışanlara ödənilən orta əmək haqqı 600-700 manat məbləğindədir.

Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Zavodunun istehsalat xəttinin inşasından əlavə ümumi layihə çərçivəsində bir sıra mülki, infrastruktur və enerji obeyktlərinin – 8 km avtomobil, 18 km dəmiryollarının tikintisi, 15 km xarici su xətti, 26 km 110 kilovoltluq yüksək gərginlikli xarici elektrik xəttinin çəkilməsi, Avtomatik Qazpaylayıcı Stansiyanın quraşdırılması və 4 km uzunluğunda qaz xəttinin çəkilməsi, suvarma kanalının, sel bəndinin tikintisi və s. işlər həyata keçirilmişdir.

Zavodun tikintisi zamanı sosial təyinatlı obyektlərin də tikintisinə xüsusi diqqət yetirilmişdir. Belə ki, işçi personalının və onların ailə üzvlərinin yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət otel, uşaq bağçası, poliklinika, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina inşa edilmişdir. Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir.

Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin müxtəlif növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.

Zavodun istehsal etdiyi sement artıq Azərbaycanın inşaat sektorunda tanınmış və inşaat şirkətləri tərəfindən keyfiyyətli məhsul kimi qiymətləndirilmişdir. Bütün istehsal olunan sement növləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qaydada sertifikatlaşdırılmışdır.

Şirkətin inkişaf planına əsasən, 2014-2017-ci illərdə illik sement istehsalını 3 mln. tona çatdırmaq və müxtəlif növ yeni inşaat materiallarının istehsalını təşkil etmək nəzərdə tutulur. Bu planlara görə, “Qazax Sement Zavodu” MMC-də yaradılımış infrastrukturdan və ən son texnologiyalardan istifadə etməklə Qərb regionunda iri İstehsal Texnoparkı yaradılacaq. Artıq bu barədə Azərbaycan Respublikasının İqtisadı inkişaf və Sənaye Nazirliyinə təkliflər verilib. Həyata keçiriləcək işlər Azərbaycanın inşaat materiallarına olan tələbatının ödənilməsi, ölkəmizin ixrac potensialının artırılması və iqtisadiyyatın qeyri-neft sektorunun daha da gücləndirilməsinə xidmət edəcək.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC