Qazax Sement Zavodu respublikanın iri sement istehsalçılarından biri olmaqla Qərb regionunun iqtisadi, sosial, mədəni inkişafında əhəmiyyətli rol oynamaqdadır. İstehsal fəaliyyəti ilə yanaşı, zavod elm-təhsil istiqamətinə də öz dəstəyini verməkdədir.

20 Dekabr 2014-cü il tarixində Qazax Sement Zavodunda rayonun orta məktəblərindən 2014-cü ildə məzun olmuş və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir. Tədbirdə zavodun bir qrup rəhbər və mühəndis heyəti, rayon təhsil şöbəsinin nümayəndələri, orta məktəb direktorları, valideynlər iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə zavodun sement istehsalı bölməsi, mərkəzi idarəetmə otağı, laboratoriya və sosial binalarla tanış edildi, daha sonra onlara zavodun qərb regionunun sosial iqtisadi inkişafına verdiyi töhfə, gələcək planlar, istehsal olunan məhsullar və s. haqda ətraflı məlumat verildi. Tədbirdə çıxış edənlər tələbələri ali məktəblərə yüksək balla daxil olmaları münasibətilə təbrik etdilər, gələcəkdə yüksək ixtisaslı kadr kimi regionun əsas sənaye obyektlərindən biri olan Qazax Sement Zavodunda işləməyin üstünlükləri haqda məlumatlar verdilər.

Tədbirin sonunda tələbələrə zavod tərəfindən təqaüd kartları və hədiyyələr verilmiş, o cümlədən məktəb direktorları və digər qonaqlara da hədiyyələr təqdim olunmuşdur. Qazax Sement Zavodunda gələcəkdə də elm və təhsil istiqamətində bu tipli tədbirlərin keçirilməsi planlaşdırılır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC