26 Noyabr 2014-cü il tarixində Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Qazax Sement Zavodu MMC bu konfransda iştirak etmiş və “Regionlarda rəqabətqabiliyyətli istehsalın qurulmasında xidmətlərinə görə” sənaye müəssisələri arasında xüsusi mükafata layiq görülmüşdür.

Konfrans İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil edilmişdir.

Tədbirə 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilatları təmsil edən 300-dən çox iştirakçı qatılmışdır.

İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur. Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası və iqtisadiyyatda xüsusi çəkisinin, eləcə də ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir.

Çıxışlarda ümumi olaraq, son illər Respublikada iqtisadi sahədə böyük uğurların əldə etməsi, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verməsi, beynəlxalq sənaye sahəsində əlaqələrin genişləndirilməsi məsələləri öz əksini tapmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC