Rəşadətli Azərbaycan ordusunun işğal olunmuş Qarabağın azad olunması üçün irəliləməsi bütün Azərbaycan xalqını sevindirir və qürurlandırır. Amma hamı başa düşür ki, qarşıda şəhərlərimizin və kəndlərimizin dirçəldilməsi, düşmən tərəfindən dağıdılmış torpaqların çiçəklənən diyara çevrilməsi üçün böyük iş dayanır.

Xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, "ölkə Böyük Qayıdış astanasındadır və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar, bu torpaqlarda həyat canlansın. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib".

Tezliklə biz nəhəng tapşırığın öhdəsindən gəlməliyik, Azərbaycan ərazilərinin 20 faizini yenidən bərpa etmək, müharibədə dağılmış Füzuli, Cəbrayıl, Kəlbəcəri dirçəltmək, Gəncə, Tərtər və digər şəhərlərin rəhmsizliklə atəşə tutulmasının fəsadlarını aradan qaldırmalıyıq.

Bu cür ciddi tapşırığın öhdəsindən gəlmək üçün hər şeydən əlavə çoxlu tikinti materialları lazım olacaq, bunun da əsas komponentlərindən biri sementdir. Sement kimi vacib xammalın istehsalını artırmaq və eyni zamanda onun keyfiyyətini yüksəltmək lazım olacaq.

Döyüş əməliyyatları zonasına bitişik olan Gəncə-Qazax rayonunda ən böyük regional müəssisələrdən biri “Qazax sement zavodu” MMC (QSZ) yerləşir. Bu, ölkənin həmin məhsula tələbatının təxminən üçdə bir hissəsini təmin edir. Fəaliyyətinin ilk illərində ildə bir milyon ton sement istehsalı ilə başlayan zavod indi istehsal həcmini 1,5 milyon ton sement və sutkada təxminən 3 500 ton klinkerədək çatdırıb. Zavodun Gürcüstan üçün ixrac portfeli ildə 5-6 milyon dollara bərabərdir.

Müəssisə yüksək keyfiyyətli əhəngdaşı ilə zəngin Avey dağının ətəyində yerləşir. İstehsalat dünyanın aparıcı şirkətlərinin ən müasir texnikası və texnologiyaları ilə təchiz edilib və bu, dünya standartlarına cavab verən məhsul istehsal etməyə imkan verir.

“Qazax sement zavodu” MMC-nin İdarə heyətinin sədri Vüqar Süleymanov bildirib ki, müəssisə regionun iqtisadi inkişafına, əhaliyə sosial dəstək məsələlərinə xüsusi diqqət ayırır.

Bu ilin martında Azərbaycanda ilk koronavirus xəstələri aşkar olunanda, müəssisə Almaniyadan 1 ədəd  2 milyon avroya olmaqla 50 premium tipli “Lyra x2” ağciyərlərin süni ventilyasiya aparatı alıb. Bu o zaman idi ki, dünyada bu aparatlar az tapılırdı. Son anda böyük tələbat səbəbi ilə Almaniya bu aparatları Azərbaycana göndərib-göndərməməkdə tərəddüd etməyə başladı. Amma hüquqi mexanizmləri işə salmaqla, böyük səy göstərməklə aparatları Bakıya gətirmək mümkün oldu. Üç aparat Heydər Əliyev Fonduna, digər 47-si TƏBİB-ə təhvil verildi.

Sərt karantin müddətində, 65 yaşdan yuxarı insanların evlərini tərk etmək qəti qadağan olunanda zavod Qazaxda bütün tənha yaşlı şəxsləri bir aylıq ərzaq məhsulu ilə təmin edib. Həmin günlərdə 65 yaşdan yuxarı tənha şəxslər təhlükəli infeksiya qarşısında ən həssas vətəndaşlar qrupunda yer almışdı. Zavodun əməkdaşları mənzilləri gəzərək 130 nəfər tənha şəxsə ərzaq paylarını təqdim edib. Beləliklə, həmin şəxslərin təhlükəli infeksiyaya yoluxma riski azaldılıb.

V.Süleymanov bildirib ki, regionun iqtisadi, mədəni, sosial inkişafı bir çox halda gənclərin bu prosesdə iştirakından asılıdır. 2018-ci ildə Qazax rayonunun sərhəd kəndlərindən ali təhsili olmayan onlarla gənc zavodun peşəkar mütəxəssislərinin rəhbərliyi ilə kurslar keçərək müəssisədə işlə təmin olunub. İndi onlar ixtisaslı işçilərdir:

“Yerli gənclərin işlə təmin olunması və öz rayonunun inkişafında iştirak etməsi çox vacibdir”.

Bu məqsədlə zavod Qazax və Ağstafadan olan və yüksək bal yığaraq ölkənin texniki ali tədris müəssisələrinə qəbul olmuş tələbələrin tədris müddəti üçün təqaüd təşkil edib. Tələbələr üçün, həmçinin zavodda təcrübə keçmələri və nəzəri biliklərinin artırılması üçün şərait yaradılıb. Ötən il Qazax və Ağstafadan 11 tələbə təqaüd proqramın daxil edilmişdi.

Zavod balaca vətəndaşlarını da unutmayıb. Qazax rayonunun Daş Salahlı kəndində uşaq bağçası-körpələr evi bərpa edilib. Kənd kifayət qədər böyükdür, 10 min nəfərədək əhali yaşayır. 55 uşaq üçün nəzərdə tutulan və iki uşaq meydançası olan bağça ağac və yaşıllıqlar arasında yerləşir. Məktəbəqədər müəssisə gözəl məişət şəraitinə - yemək otağı, yataq otağı, oyun otağı, sanitar qovşağı və s. malikdir. Bu ilin avqustunda isə zavod həmin kənddə 60 uşaq üçün nəzərdə tutulan daha bir bağçanın əsasını qoyub.

Müəssisə rəhbərliyi qədim yunan şüarına əməl edir: “Sağlam bədəndə sağlam ruh”, və imkan daxilində regionda idmanın inkişafına kömək göstərir. Belə ki, 2019-cu ildə QSZ Tovuz rayonunun Olimpiya idman kompleksində güləş klubunun maddi-texniki bazasının yaradılmasında iştirak edib. Bu cür yardım Ağstafa rayonunda Soyuqbulaq kəndinin güləş zalına da göstərilib. İndi Qazaxda güləş zalına analoji dəstək müzakirə olunur.

QSZ-nin regional iqtisadiyyatın inkişafına töhfəsi xüsusilə əlamətdardır. “Tovuz ASAN Abad” layihəsi çərçivəsində Qazax sement zavodu meyvələrin qurudulması və emalı müəssisəsinin tikintisi üçün 5 milyon manat ayırıb. QSZ tərəfindən tikilmiş və Avropa standartlarına tam cavab verən fabrikin istehsal xətti artıq istismara verilib. Mütəxəssislər hesab edir ki, bu müəssisə yerli fermerlər üçün dəstək olacaq və onlar toplana meyvələrin vaxtında və səmərəli sata biləcəklər.

V.Süleymanov deyib ki, QSZ-də daimi olaraq 700-dək əməkdaş işləyir. Bundan başqa, müqavilə əsasında işləyən işçilər də var: konsaltinq, maliyyə, hüquq və digər təşkilatların əməkdaşları. Həmçinin Qazax Sement Zavodu ilə müxtəlif podrat şirkətləri əməkdaşlıq edir:

“Biz öz işçilərimizə görə sosial məsuliyyət daşıyırıq. Onlar təkcə işlə deyil, həm də sosial müdafiə ilə təmin olunmalıdır”.

QSZ rəhbəri vurğulayıb ki, zavod Ermənistanla sərhəddə yerləşir. Düşmən tərəfindəki qaranlıq və ölü səssizlik işin gur getdiyi, müasir texnologiya konveyerlərinin, maşınları və s. işlədiyi rayonumuzla kəskin ziddiyyət təşkil edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının göstəricisidir.

Müəssisə düşmən üzərində qələbəyə və Azərbaycan torpaqlarının azad edilməsinə də öz töhfəsini verir. QSZ-nin 33 əməkdaşı cəbhədə döyüş əməliyyatlarında iştirak edir. Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat ianə köçürülüb. Zavod, həmçinin regionda hərbi hissələrə müxtəlif məişət avadanlıqları ilə də yardım göstərir:

“İstehsalatda əldə olunan artım daha çox ixrac etməyə və ölkəyə daha çox valyuta gətirməyə imkan verir. İndi gəlir 5-6 milyon dollar təşkil edir, hədəfimiz isə 2022-ci ilədək ixracı 10 milyon dollaradək artırmaqdır”.

Bundan başqa, Qazax sement zavodu 2021-ci ilin sonunadək ölkədıə ilk dəfə “ağ sement” istehsalına başlamağı planlaşdırır. Yerli əhəngdaşının keyfiyyəti bu cür qiymətli məhsulu dünya standartlarına uyğun istehsal etməyə imkan verir. Hazırda Türkiyədə yerli xammal materiallarının nümunələrinin laborator tədqiqatları aparılır.

Zavoda bitişik yüzlərlə hektar boş məhsuldar torpaq “Green House” layihəsini reallaşdırmağa imkan verir. Türkiyənin “Dal Teknik Makina” şirkətinin mütəxəssisləri ilə birgə sement istehsalı üçün istifadə olunan istilik enerjisi qalıqlarından istifadəsi  edilməsi ilə istixanaların isidilməsi texniki layihəsi hazırlanıb. Bunun 2021-ci ilin yazından etibarən reallaşdırılması planlaşdırılır. Ətraf mühitin müdafiəsi baxımından vacib olan bu layihə Qafqaz regionunda ilk layihələrdən olacaq və yerli əhalini regional kənd təsərrüfatının inkişafı üzrə fəaliyyətə cəlb etməyə imkan verəcək. Gürcüstan sərhədinə yaxınlıq isə (30 kilometr) kənd təsərrüfatı məhsulunu qonşu ölkəyə ixrac etməyə imkan yaradacaq.

Bu gün ermənilər tərəfindən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində sement satışları azalıb:

“Şəhərlər raket və artilleriya ilə atəşə tutulanda insanlar tikinti haqqında az fikirləşir. Bu region, xüsusilə də Gəncə, sement zavodunun məhsulu üçün başlıca bazardır. Həm də zavodun “Azərenerji”, “Azəriqaz”, Vergi Xidməti və digər qurumlar qarşısında öhdəlikləri var. Amma bütün bu vəziyyətə baxmayaraq müəssisə rəhbərliyi zavodun adi rejimdə işini davam etdirməsi üçün bütün tədbirləri görür. Müəssisənin təxminən 700 işçisi əməkhaqqı almalı, sosial müdafiə olunmalıdır. Bu baxımdan istərdik ki, dövlət strukturları vəziyyətimizə anlayışla yanaşsın. Fors-major hallarını nəzərə alaraq, güzəştlər etsin. Bu, biznesin dayanıqlığını və inkişafın qorumağa imkan verəcək”.

Həqiqətən, sement satışının 80 faizdən çoxu bu regionun payına düşürdü, indi isə satışlar 50 faiz azalıb. Bu, anlaşılandır. Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Beyləqan, Bərdə, Ağcabədidə insanlar indi tikinti barədə fikirləşmir. Bununla bağlı olaraq zavod rəhbərliyi rəsmi şəkildə İqtisadiyyat Nazirliyinə müraciət edib:

“Şəhər və kəndlərimizin dinc sakinlərini atəşə tutulması şəraitində biz ruhdan düşməmək üçün özümüzdə güc tapırıq və bunda bizə ordumuzun qələbələri kömək edir. Biz başa düşürük ki, bütün bu çətinliklər müvəqqətidir. Zavodumuzun azad edilmiş Qarabağın şəhərlərinin bərpasında fəal rol oynaması üçün bütün imkanları var. Biz yeni gözəl binaların, körpülərin, yolların, Vətənimizin xeyrinə olacaq hər şeyin tikintisində iştirak etmək istəyirik. Hətta logistik baxımdan da biz Qarabağ regionuna hər kəsdən yaxınıq. Zavodun gücü bu xeyirxah missiya üçün kifayət qədərdir. Hələ pandemiyayadək biz Ağdaş, Şəmkir və Qubada beton zavodlarını işə salmışıq. İndi isə azad edilmiş Füzulidə beton zavodu açmağı arzulayırıq”.

Çox tezliklə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri başlayacaq. Qazax sement zavodu bu işləri sement və betonla təmin etməklə rayonların bərpasına öz töhfəsini verəcək.

 

Bütün haqqlar qorunur © 2020 “Qazax Sement Zavodu” MMC